BUZLU QAN YADDAŞIMIZ



Hər tərəf bəmbəyaz....

Qar üstündə meşəyə yol alan saysız ayaq izləri.

Şaxtalı -qarlı qaranlıq qış gecəsi. Belə gecələrdə insanlar adətən evdə yanan sobanın yanında çay içib söhbətləşirlər. Körpələr isə nənələrinin danışdığı nağıllar dünyasında şirin yuxuya gedir.

Bəs şaxtanın iliklərinədək işlədiyi belə bir gecədə, bu qeyri-müəyyən bəyazda düşmən gülləsinə tuş gəlməmək üçün azıb qaldığın meşədə başını itirmək necə bir duyğudu? Gecənin qaranlığı ilə qarın rənginin hakim kəsildiyi siyah- bəyaz gecədə! Fevralın 25-dən 26-a keçən həmin gecə 20-ci əsrin insanlıq faciəsi Xocalıda yaşandı. Həmin gecə elə bir faciə yaşandı ki, bunu 30 il sonra da Xocalı sakinlərinin gözlərindən oxumaq olar. Hərdən mənə elə gəlir ki, bir Xocalı sakinini gözlərinə həkk olunmuş iztirabdan dolayı min nəfərin içindən tanıya bilərəm. Xocalı soyqırımı etnik azərbaycanlılara qarşı tarixin növbəti erməni terroru idi. Hansı ki, həmin gecə 613 Xocalı sakini vəhşicəsinə, insana layiq olmayan tərzdə qətlə yertirildi, 8 ailə məhv edildi.

Bu dəhşətli gecənin dilsiz- ağızsız iki şahidi vardı. Xocalı sakinlərini buz kəsən sularında isladıb qaranlıq meşənin qoynuna ötürən Qarqar çayı, bir də öz sakinlərini gözü dönmüş düşməndən gizlədə bilməyən - həmin meşə.

Xocalıda sərgilədikləri qeyri-insani davranışlardan sonra birdə Xocalı aeroportuna ”beynəlxalq hava limanı” statusu arzulamaqla bizə gözdağı vermək istəmələri, ermənilərin nece sərhədsiz millət olduğunun göstəricisidir.

Özümü dərk edəndən illərdir hər fevral ayının sonuncu həftəsini şüuraltı bir gərginlik içərisində gözləmişəm. Həmin gün televizor qarşısında oturub işgəncə ilə qətlə yetirilən Xocalı sakinlərinin nəşini gözlərimi yuma-yuma, qulaqlarımı tuta- tuta seyr etmişəm. Və hər dəfəsində də, əmin olmuşam ki, Xocalı bizim yaralarımız içində ən dərin yaramızdır. İnsan övladı necə bu qədər qəddar ola bilərdi? Bu necə bir nifrət idi? Hardan qaynaqlanırdı bu sərhədsiz öfkə?

70 ilə yaxın bir qabdan yemək yeyən, xeyri şəri bir olan iki millət necə oldu birdən-birə düşmən oldu deyə düşündüm. Sonra 1918-ci il soyqırımını, Qərbi Azərbaycanın azərbaycanlılardan mərhələli etnik təmizlənməsini xatırladım. Xatırladım ki, ermənilərin genetik koduna yazılıb bizimlə düşmənçilik. Burda deyiblər: “Q arı düşmən dost olmaz” Dırnaqarası dostluğumuz isə rejimin gətirdiyi məcburiyyətdən qaynaqlanıb.

Həmin gecə baş verənlərin nişanələri öz ölümünü lentə alan jurnalist Çingiz Mustafayevin gözü ilə dünya mediyasına çıxdı. Bizim lentinə baxa bilmədiyimiz görüntülərin canlı şahidi olmuşdu. Görəsən necə dözmüşdü buna? Demək ki, qəhrəman olmaq həm də, qəlbinə daş basmaq deməkdir. Xocalı faciəsi tarixin yaddaşına faktlarla həkk olunmasına rəğmən dünya artıq 30 ildir ki, bu mənzərəni görməzdən gəlir. Səbəb isə sadədir. Supergüc sahibi olan qüvvənin 1 əsr öncədən regionda “ Böyük Ermənistan” adlı xristian dövləti yaratmaq planı var. Məhz bu qüvvələrin verdiyi rahatlıqdan dolayı “ruhlarının dirçəlişini” Şuşada qeyd edərkən Cıdır düzündə qol götürüb oynayanlar arasında Azərbaycanın interpola axtarışa verdiyi qatı cinayətkar Zori Balayan da var idi. O Balayan ki, Xocalı qatilamının müəlliflərindən biri idi, o Balayan ki, yazdığı yazılarla iki millət arasında yeni münaqişə ocağı yaratmışdı, o Balayan ki öz əsərində Xocalıda 13 yaşlı türk qızına verdikləri misli görünməmiş işgəncədən böyük zövqlə bəhs etmişdi. Görəsən bu illər ərzində bu qoca çaqqalı etdiklərindən dolayı vicdanı ifşa etmişdimi? Etsəydi yəqin Şuşada qol götürüb oynamazdı. Nə isə ki, artıq “Cıdır düzü macəraları” erməlilər üçün xoş xatirədən başqa bir şey deyil.

Polkovnik-leytenant İbrahim Rüstəmlinin “Mənim erməni oğlum” hekayəsini təxmini bir ay öncə oxumuşam. Hekayədə Xocalı faciəsindən 3-4 ay sonra baş verən hadisələr qələmə alınmışdır. Həmin vaxt cəbhəyə ezam olunmuş gənc zabit qucağındakı körpəsi ilə əsir düşmüş 20-25 yaşlarında erməni qadınını azad etmişdi. Öncə israrla bunun gerçəkdən baş verib- vermədiyini soruşdum . Gerçək idi. Əsəri oxuduqdan sonra qəhrəmana hiddətlənmişdim. Axı necə bağışlamışdı o erməni qadınını. Həm də, Xocalı faciəsindən 3-4 ay sonra . Özümə sual verdim : “Bəs sən onun yerində olsaydın necə davranardım?” Bu sual həyatda cavab verməyə acizlik çəkdiyim nadir suallardan idi. Sonra onu başa düşdüm. Göstərdiyi humanizmlə o insan idi. Düşməni əfv etmək cəzalandırmaqdan daha çətin olmalıdır. Biz bu durumlar qarşısında acizik, çünki biz insanıq!

Türkiyə ilə Ermənistan arasında hava yollarının açılmasına münasibət bildirən bir erməni vətəndaşı söyləyir ki: “Biz türklərdən bacardığımız qədər uzaq durmalıyıq . Onlar çox təhlükəlidir” Bu biraz gec gəlinmiş nəticədir. İndiki vəziyyətdə siz Qafqazı tərk edərək bu istəyinizi gerçəkləşdirə bilərsiniz.

44 günlük Vətən müharibəsinin nəticəsi olaraq biz qalib xalqın nümayəndələriyik. Əsrlər öncə olduğu kimi, bu gün də, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Düşünürəm ki, bu Xocalı sakinlərinin yarasına ən böyük məlhəmdir.

Biz artıq 30 ildir ki, dünyadan Xocalıya Ədalət istəyirik. Lakin heç kəs unutmasın ki, dünyəvi ədalətdən daha üstün İlahi ədalət var!

30 il sonra yenidən hər tərəf bəmbəyaz... Qar üsüntə ayaq izləri.... Bu Azərbaycan əsgərinin ayaq izləridir!!!

Ardı mütləq olacaq.....



AYNUR ƏFƏNDİ ZADƏ