BMT-də “Yalnız birlikdə” kampaniyasına start verilib


BMT-də “Yalnız birlikdə” adlı yeni qlobal kampaniyaya start verilib.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu kampaniya COVID-19-a qarşı vaksinlərin bütün dünyada ədalətli və bərabərhüquqlu şəkildə paylanmasının təmin edilməsinə yönəlib.

BMT-nin Baş katibi Antonio Quterreş yeni kampaniyanın başlanması ilə əlaqədar müraciətində deyib: “Virus 2,5 milyondan çox insanın həyatına son qoyub. Milyonlarla xəstə bu virusun sağlamlıq üçün təhlükəli olan uzunmüddətli fəsadlarından əziyyət çəkir”.

Baş katibin birinci müavini Əminə Məhəmməd vurğulayıb: “Artıq bir ildir ki, biz başqa insanlarla birlikdə şam etmək, yaxınlarımızla qucaqlaşmaq, məktəbə və işə birgə getmək imkanından məhrumuq. Milyonlarla insan dostlarını və qohumlarını itirib, müxtəlif ölkələrdə çoxsaylı vətəndaşlar dolanışıq vasitələrindən məhrum olub”.

Yeni vaksinlər yaradılması üçün misilsiz qlobal elmi səylərin virusa qalib gələcəyimizə ümid verdiyini qeyd edən Əminə Məhəmməd bununla bərabər sayıqlığı itirməməyə çağırıb, bu ümidin yalnız bütün dünya miqyasında birgə iş nəticəsində gerçəkləşə biləcəyini vurğulayıb.

BMT-nin rəhbəri Antonio Quterreş hazırda mövcud olan vaksinlərin çox hissəsinin yalnız az sayda zəngin ölkələr tərəfindən istifadə edilməsinə görə narahatlığını bildirərək bir daha vurğulayıb ki, vaksinlər qlobal ictimai sərvət hesab edilməlidir. Baş katib xatırladıb ki, BMT ÜST-nin və özünün digər müəssisələrinin timsalında tarixdə ən böyük qlobal immunlaşdırma kampaniyasının təşkilində ölkələri dəstəkləyir.

“Dünyada heç bir ölkə bu böhrana təkbaşına qalib gələ bilməz”, - deyən BMT rəhbəri vaksin ehtiyatlarının və müvafiq texnologiyaların tədarükünü genişləndirmək və onların paylanmasını sürətləndirmək üçün hökumətləri və şirkətləri əlbir olmağa çağırıb.

Xatırladaq ki, COVAX layihəsi COVID-19-a qarşı vaksinlərin tədarükü və bölüşdürülməsi üzrə unikal mərkəzləşdirilmiş təşəbbüsdür. Dünyanın 192 dövləti, o cümlədən Azərbaycan da bu təşəbbüsə qoşulub.

BMT-də “Yalnız birlikdə” (#OnlyTogether) kampaniyasına start verilərkən vurğulayıblar: “Dünyamız bu virusun öhdəsindən yalnız bir üsulla - əlbir hərəkət etməklə gələ bilər”.