Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə
heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Portuqaliyanın Porto şəhərində
keçirilən Avropa Regional Sosial Təminat Forumunda iştirak edir. Muğan tv Nazirliyə istinadla xəbər verir ki, forum çərçivəsində S.Babayevlə BSTA-nın prezidenti Məhəmməd Azmanın görüşü
olub. Nazir dünyada sosial təminat sistemlərinin təkmilləşdirilməsində BSTA-nın önəmli
rolunu vurğulayıb. O, ölkəmizdə aparılan sosial islahatlar prosesində bu mötəbər beynəlxalq
Təşkilatla uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iki qurumunun (Dövlət Sosial Müdafiə
Fondu (DSMF) və DOST Agentliyi) BSTA-nın üzvləri olduğu, daha iki qurumunun (Sosial
Xidmətlər Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) da Təşkilata
üzv olmasının nəzərdə tutulduğu qeyd edilib. 2019-cu ildə ölkəmizin Avropa Regional Sosial
Təminat Forumuna ev sahibliyi etdiyi diqqətə çatdırılıb.
Azərbaycanda son illər aparılan sosial islahatların uğurlarına BSTA tərəfindən daim
yüksək qiymət verildiyi, hazırda Portuqaliyada keçirilən Forumda isə Nazirliyin qurumlarının
bu Təşkilatın 12 mükafatı ilə təltif olunduğu vurğulanıb.
Bu ilin fevral ayında Assosiasiya ilə DSMF arasında imzalanmış Memorandumun
sosial təminat sahəsində qabaqcıl təcrübələrin mübadiləsi və təşviqi sahəsində iki qurumun
əməkdaşlığının genişlənməsinə xidmət etdiyi bildirilib.
M.Azman Nazirliyin BSTA ilə fəal əməkdaşlığından və əlaqələrin daim
genişlənməkdə olmasından məmnunluğunu ifadə edib. O, Azərbaycanda sosial təminat
sistemində aparılan islahatların təqdirəlayiq olduğunu vurğulayıb.
BSTA-nın Baş katibi Marselo Abi-Ramia Kaetano ilə də görüş olub, keçirilən
Forumun önəmindən, Assosiasiya ilə Nazirliyin əlaqələrindən bəhs olunub.
Hər iki görüşdə Nazirlik və BSTA arasında gələcək əməkdaşlıq məsələləri müzakirə
edilib.
Comments