Balakənli təsərrüfatçılar bu il 300 hektar sahədə tütün yetişdirirlər


Bu il Balakən rayonunun təsərrüfatlarında 300 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 243 hektar sahədə “Virciniya botaniki”, 57 hektarda isə yerli “İmmuniy” növlü tütün sortları yetişdirirlər. Artıq rayonun bəzi kəndlərində yerli sort tütünün yarpağının dəriminə başlanılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, rayonda ilk olaraq tütün yığımı Gərəkli kəndindən olan Ələddin Xıpıyevin təsərrüfatında aparılıb. Fermer yığım mövsümünün ilk günündə “İmmuniy” növlü tütün əkilmiş sahədən 3 tonadək yaşıl kütlə tədarük edib. Təsərrüfatlarda “Virciniya” növlü tütünün yığımına isə yaxın günlərdə başlanılacaq.