top of page

Bakıda yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan edilib, yanacaq çənləri mühafizə olunub


Saat 14:14 radələrində yanğınsöndürmə hissəsinə Xətai rayonu Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.


Muğan TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Hikmət Abbasov deyib.

O bildirib ki, saat 14:21-də Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və şəxsi heyəti yanğın olan əraziyə çatıb: “Hadisənin çətinliyi, havanın küləkli olmasını nəzərə alaraq tərəfimizdən iki nömrəli yüksək çağırış elan olunub və Bakı qarnizonunun əsas qüvvələri hadisə yerinə cəlb olunub. Ərazidə 15-dən artıq texnika və 80-ə yaxın şəxsi heyət yanğının söndürülməsində iştirak edir”.

General-mayor qeyd edib ki, ərazidə olan fərdi yaşayış evləri yanğından mühafizə olunub, şəxsi heyətə xüsusi tapşırıq verilib: “Yüksək gərginli 35 min kilovatlıq elektrik xəttinin ərazidən keçməsi də işləri çətinləşdirib. Həmin xətlər də mühafizə olunub. Ərazidən keçən neft və qaz xətləri var. Onlar da tərəfimizdən mühafizə edilir. Ərazi "Lukoil", "Azpetrol", "SOCAR"ın yanacaq çənləri parkıdır. Burada bir çox çənlər yerləşib. Biz əraziyə çatanda vəziyyət çox mürəkkəb idi, həmin çənlərə yanğının keçmə ehtimal yüksək idi. Yanacaq daşıyan avtomobillərin hadisə yerində olması ciddi problem yaradırdı. Həmin yanacaq daşıyan maşınlardan 18-i yanğından mühafizə olunub. Yalnız bir neft daşıyan yanacaq avtomaşınında dərhal yanğın baş verməsi ilə əlaqədar partlayış olub”.

Xidmət rəisi təyyarə və helikopterlərin hava şəraiti ilə əlaqədar qaldırılmasının mümkün olmadığını vurğulayıb: “Şəxsi heyətinin fədakarlığı nəticəsində böyük təhlükənin qarşısı alınıb".


Röya Ağayeva

bottom of page