top of page

Bakıda marketə silahlı basqınla bağlı cinayət işi başlanılıb - RƏSMİ


Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində baş verən silahlı insidentlə bağlı birgə məlumat yayıb.

Birgə məlumatda deyilir:

"Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

Prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.

Hadisənin hipermarketdə yerləşən qeyd olunan banka məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman zərərçəkmişlərə silahlı hücum edilməsi nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən olunub.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur".

bottom of page