top of page

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib


Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov bu yarışın Azərbaycanda yeddinci dəfə təşkil olunduğunu bildirib.

Ötən həftə paytaxtın bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirinə uğurla ev sahibliyi etdiyini vurğulayan E. Məmmədov Dünya Kubokunda 40 ölkədən 135 idmançının iştirak etdiyini diqqətə çatdırıb.

Bədii gimnastika növündə qazanılan uğurlardan danışan şöbə müdiri ötən il Azərbaycanın qrup hərəkətləri üzrə yığma komandasının tarixi bürünc medala sahib çıxdığını və təmsilçilərimizin Avropa çempionatında 3 bürünc mükafat qazandığını xatırladıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən Dünya Kuboku aprelin 23-dək davam edəcək.

Yarışda Azərbaycanı fərdi növdə Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina təmsil edir.

Qaliblər ayrı-ayrı alətlər üzrə və çoxnövçülük proqramında müəyyənləşəcək.

Ənənəyə uyğun olaraq, ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” Kuboku təqdim olunacaq.

bottom of page