Bərdədə 4 minə yaxın əhalinin istifadə etdiyi yol yenidən qurulur



Regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramı çərçivəsində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bərdə rayonunda Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolunun yenidən qurulmasına başlanılıb.


Muğan Tv xəbər verir ki,Respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 46-cı km-dən ayrılan Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolunun uzunluğu 8 km olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulur.


Əvvəllər qara və çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. Artıq bu problemlər yenidənqurma işləri ilə geridə qalır. Bu üzdən görülən işlər yolun keçdiyi yaşayış məntəqələri sakinlərinin də ürəyincə olub.


Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10 metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib. 2 hərəkət zolaqlı olacaq yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.


Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 44 yerdə müxtəlif diametrlərdə olan suötürücü boruların tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası işləri görülüb.


Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən, optimal-qırmadaş və qum-çınqıl qarışımından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunacaq. Ümumilikdə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.


Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnoloji ardıcıllıqla apardığı yenidənqurma işləri imkan verir ki, yaxın gələcəkdə yolboyu yaşayan vətəndaşların yolla bağlı qarşılaşdıqları problemlər birdəfəlik öz həllini tapsın, həmçinin vətəndaşların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı daha da inkişaf etsin.