Ağdamda ermənilərin dağıtdıqları Şəhidlər xiyabanı ziyarət edilib FOTO
top of page

Ağdamda ermənilərin dağıtdıqları Şəhidlər xiyabanı ziyarət edilib FOTO


İşğaldan azad olunmuş Ağdam rayonuna səfər edən media orqanları və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar əvvəllər Ermənistan ordusunun hərbi istehkamlarının olduğu ərazilərə baxıb, Uzundərə II Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, yolboyu istehkamların olduğu ərazilərlə tanış olan səfər iştirakçılarına həmin qurğuların mürəkkəbliyi barədə məlumat verilib. Bildirilib ki, Ağdam rayonu üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 20-də Ermənistan ordusu tərəfindən tam boşaldılıb. Rayonun ərazisində keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilib. Bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan mümkün deyildi. Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi ilə Ermənistan kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur oldu, bu yerlər işğaldan itkisiz azad edildi.

Daha sonra səfər iştirakçıları Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən, işğal zamanı erməni vandallarının dağıtdıqları Uzundərə II Şəhidlər xiyabanını ziyarət ediblər.

Qeyd edək ki, səfər Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilir. Media orqanları və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

bottom of page