Azərbaycanlı idmançıdan möhtəşəm qələbə


Mehman Məmmədov “Eagles FC” turnirinin kəmərini Azərbaycana gətirdi.

Daha bir idmançımız MMA aləminin mötəbər kəmərlərindən biri olan “Eagles FC” turnirinin kəmərini Azərbaycana gətirib. Moldovanın paytaxtı Kişnyovda keçirilən qarşılaşmada MMA döyüşçümüz Mehman Məmmədov rəqibi Yevgeniy Sibirskiy-Mankonu məğlub edib.


Muğan TV xəbər verir ki, MMA idman növünün mötəbər turnirlərindən biri olan “Eagles FC” turniri çərçivəsində baş tutan görüşdə Mehman Məmmədovun rəqibi belarusiyalı idmançı Yevgeniy Sibirskiy-Manko olub. Tanınmış idmançı Ruslan Əfəndiyevin yetirməsi olan Mehman Məmmədov 57 kq çəki dərəcəsində qarşılaşdığı rəqibi Yevgeniy Sibirskiy-Manko ilə beş raund döyüşüb.Üçüncü raund istisna olmaqla qalan dörd raund Mehman Məmmədovun qələbəsi ilə nəticələnib. Üçüncü raundda rəqibin qələbə çalmasının səbəbi isə idmançımızın qabırğasının sınması olub.


Onu da qeyd edək ki, Mehman Məmmədov peşəkar MMA yarışlarında artıq dördüncü dəfədir ki qələbə qazanır. Xatırladaq ki, Mehman Məmmədov Tofiq Musayevdən sonra Ruslan əfəndiyevin ölkəmizə kəmər gətirən ikinci tələbəsidir. Tofiq Musayev Yaponiyanın “Rizin” turnirinin qalibi olmuşdu.