Azərbaycanda karantin sərtləşdirilir: Əgər belə getsə... - Deputat


“Təəssüf ki, son günlərin yoluxma dinamikası yüksəlişə doğru gedir. Bunun isə səbəbkarı biz özümüzük. Çünki tələb olunan qaydalara məsuliyyətsiz yanaşırıq, tibbi maskadan əvvəl olduğu kimi və düzgün istifadə etmirik. Bu da infeksiyaya yoluxmada artıma səbəb olur”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat qeyd edib ki, insanlar əgər yenidən qapanmalara gedilməsini istəmirlərsə, ilk növbədə tələb olunan vəzifəni icra etməlidirlər: “Əgər biz öz üzərimizə düşən vətəndaş məsuliyyəti hissini həyata keçirmiriksə və qaydaları icra etmiriksə, qapanmalardan da narazı olmaq düzgün deyil. Mən bir vətəndaş kimi heç vaxt qapanmalara getməyin tərəfdarı deyiləm. Digər tərəfdən isə ölkə vətəndaşlarının sağlamlığı üçün qapanmalar gündəmə gəlir və reallaşmaq üzrədir. Əgər bu gün bu məsələ reallaşacaqsa, günahı özümüzdə axtarmalıyıq.

Dövlətimiz çalışır ki, əhalinin sağlamlığı yüksək səviyyədə təmin olunsun və bu istiqamətdə tədbirlər geniş şəkildə həyata keçirilir, dövlət xeyli vəsait sərf edir. Qapanmalara getmək dövlət üçün də sərfəli deyil. Amma bütün bunlara baxmayaraq, yoluxmada artım müşahidə olunarsa, düşünürəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni qərarlar qəbul olunacaq. Artım dinamikası bu templə davam edərsə, müəyyən qapanmalara getmək məcburiyyətində qalacağıq. Hər halda, Operativ Qərargah gündəlik yoluxmaları təhlil və analiz edir, ən düzgün qərarları da onlar verir”.