Azərbaycanda "Instagram" istifadəçilərinin fəallığı kəskin artıb


Bu ilin fevral ayında Azərbaycanda "Instagram" istifadəçilərinin fəallığı yanvar ayı ilə müqayisədə 17,5 faiz bəndi artıb.


"APA-Economics"in "Global Stats" statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, bu ilin martın 1-nə "Instagram"un Azərbaycanın sosial media bazarında payı 28% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 5,7 faiz bəndi çoxdur.


Populyarlığına görə "Instagram" ölkənin sosial media bazarında ilk dəfə olaraq birinci yeri tutub.


Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Facebook" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı fevral ayı ərzində 22,8 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin mart ayının 1-nə 27,8% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 9,5 faiz bəndi çoxdur.


Bu ilin fevral ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 4,5 faiz bəndi artıb. Martın 1-nə olan məlumata görə, "YouTube" Azərbaycanın sosial media bazarında 19,8% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz bəndi azdır.


Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Pinterest" – 13,6, "Twitter" – 6,37%, "Tumblr" – 1,6%, "Reddit" – 1,32%, "Tumblr" – 1,09% və s.