Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-mart aylarına nisbətən 113,8 % təşkil edib. Halbuki, yanvar-fevral aylarının yekununda illik inflyasiya 13,9 % olmuşdu.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,1 %, qeyri-ərzaq məhsulları üzrə 112 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,6 % təşkil edib.
Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,7 %, ötən ilin mart ayına nisbətən isə 113,6 % olub.
Martda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi fevralla müqayisədə 101,3 %, ötən ilin mart ayına nisbətən isə 116,8 % təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox artım düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, təzə balığın, pendirin, zeytun yağının, naringinin, portağalın, narın, almanın, bananın, soğanın, kartofun, balqabağın, pomidorun, şəkərin, çayın, mineral suların, spirtli içkilərin, azalma isə əsasən çörəyin, unun, qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, xiyarın, çuğundurun, yerkökünün, mərcinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki ayla müqayisədə 100,3 %, ötən ilin mart ayına nisbətən 111,6 % olub. Qeyri-ərzaq məhsullarından daha çox artım mebellərin, paltaryuyan maşınların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, sintetik yuyuсu vasitələrin, şampunların, azalma isə əsasən kəsilmiş taxtaların, kompüterlərin və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Martda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə fevralla müqayisədə 100,2 %, ötən ilin mart ayına nisbətən 110,8 % təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox artım mənzillərin icarə haqlarında, minik avtomobillərinin, mebellərin, məişət cihazlarının təmiri, ictimai iaşə və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Comentários