top of page

Azərbaycanda daşımalar üzrə Keyfiyyət Xartiyasının tələbləri tətbiq olunacaq


Avropa Nəqliyyat Nazirləri Konfransının (Beynəlxalq Nəqliyyat Forumunun) Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclasında beynəlxalq avtomobil daşımaları üzrə Keyfiyyət Xartiyasının tələblərinin Azərbaycanda tətbiq olunmasına dair qərar qəbul edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, bununla da sözügedən mötəbər beynəlxalq qurum Azərbaycanda beynəlxalq daşımaların tənzimlənməsi və idarə edilməsinin ən yüksək beynəlxalq tələblərə uyğun təşkil edildiyini qəbul edib.

Ölkəmiz Avropa Nəqliyyat Nazirləri Konfransı haqqında Protokola Ulu Öndər Heydər Əliyevin imzaladığı 29 noyabr 1998-ci il tarixli qanuna əsasən qoşulub.

Beynəlxalq Nəqliyyat Forumunun verdiyi çoxtərəfli və çoxdəfəli illik icazələrlə ölkədə qeydiyyata alınan beynəlxalq yükdaşıma fəaliyyəti göstərən operatorlar 43 Avropa ölkəsinə və əksinə davamlı yükdaşıma fəaliyyəti həyata keçirir.

Keyfiyyət Xartiyasının Azərbaycanda tam tətbiq edilməsi ilə işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verən operatorların və peşəkar sürücülərin beynəlxalq yük daşımalarına cəlb edilmələri təmin ediləcək. Milli daşıyıcıların beynəlxalq daşımalar bazarında, xüsusilə Avropa ölkələri istiqamətində daşımalarda payları əsaslı dərəcədə artırılacaq və beynəlxalq səviyyədə rəqabətə daha dayanıqlı olmaları təmin ediləcək.

İclas çərçivəsində Ermənistanın təqdim etdiyi sənədlərə də baxılıb və sənədlər qurumu qane etməyib.

bottom of page