Azərbaycan Prezidentinin ADA Universitetindəki konfransda çıxışı İran mətbuatının da diqqət mərkəzin



Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı İran KİV-lərində geniş işıqlandırılıb.

İranın rəsmi İRNA, həmçinin “aftabnews”, “fartaknews” saytları AZƏRTAC-a istinadla dərc etdikləri materiallarda diqqətə çatdırıblar ki, Azərbaycanın Qarabağ regionu 30 il Ermənistanın işğalında qalıb. ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar illər boyu cəhd etsələr də, münaqişənin həllinə nail ola bilməyiblər. Lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində xalqın arzusunu yerinə yetirərək işğal altındakı əraziləri azad edib.

Vurğulanıb ki, Qarabağın azad edilməsi regionda yeni reallıqlar yaradıb, bunlar da qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar formalaşdırıb.

Materiallarda Azərbaycan Prezidentinin regionda əməkdaşlıq əlaqələrinin, o cümlədən İran, Rusiya və Türkiyənin qarşılıqlı münasibətlərinin inkişafında maraqlı olduğu vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyev ikili standartlardan çıxış edən dövlətləri tənqid edərək regionda sülhün və təhlükəsizliyin təmin olunmasını istəyir.

“aftabnews” saytı isə Prezident İlham Əliyevin iştirakı ilə açılan Hərbi Qənimətlər Parkı barədə geniş fotoreportaj təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin çıxışı İranda sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.