top of page

Azərbaycan Prezidenti Roma Papasına məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskə məktub göndərib.


Muğan TV xəbər verir ki, məktubda deyilir:


"Zati-müqəddəsləri,

İsa peyğəmbərin mübarək mövludu — Milad bayramı münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.

Xristian aləminin ən müqəddəs bayramlarından biri, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi olan Milad bayramı insanları yüksək mənəvi ideallar və dəyərlər ətrafında birləşdirərək qəlbləri parlaq ümidlərlə doldurur, yeni nailiyyətlərə ruhlandırır. Yüksək birgəyaşayış mədəniyyəti və çoxəsrlik tolerantlıq mühitinin mövcud olduğu Azərbaycan cəmiyyətində Milad bayramı ölkəmizdə ənənəvi olaraq qeyd olunan dini bayramlar arasında özünəməxsus yer tutur.


Fəxrlə qeyd edirəm ki, bu gün Azərbaycan etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyalar üçün bərabər şəraitin yaradıldığı məkan, dünyada multikulturalizmin ünvanlarından biridir. Ölkəmizdə tarixən olduğu kimi hazırda da əmin-amanlıq, mehribanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür.

Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin, dinlərarası harmoniyanın, dini-mənəvi irsin və multikultural dəyərlərin qorunub-saxlanılması dövlət siyasətimizin başlıca istiqamətlərindəndir. Azərbaycanda xristian inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində yaxından iştirak edir, dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər. Əminəm ki, xristian icması doğma Vətənləri olan Azərbaycanın tərəqqisi və rifahı naminə qüvvə və bacarığını bundan sonra da əsirgəməyəcəkdir.


Azərbaycanın Müqəddəs Taxt-Tac ilə əlaqələrinin yüksələn xətlə və dinamik inkişafı məmnunluq doğurur. Xoşməramlı niyyətlərə xidmət edən ikitərəfli münasibətlərimizin tarixi əlamətdar hadisələr və nailiyyətlər ilə zəngindir. Azərbaycan-Müqəddəs Taxt-Tac əməkdaşlığının inkişafında, konstruktiv dialoqumuzun genişlənməsində Sizin böyük şəxsi töhfənizə, habelə Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə daim verdiyiniz yüksək qiymətə görə Sizə minnətdarlığımı bildirirəm.


İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında mövcud olan nümunəvi əməkdaşlıq münasibətləri bundan sonra da sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılmasına və ümumbəşəri dəyərlərin təşviqinə xidmət edəcəkdir.


Bu xoş fürsətdən istifadə edərək Sizi doğum gününüz və qarşıdan gələn Yeni, 2024-cü il münasibətilə də səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, humanizm ideallarının təntənəsi naminə ali missiyanızda uğurlar diləyirəm".


Röya Ağayeva

Comments


bottom of page