top of page

Azərbaycan BMT-nin Şəhərlər və İqlim Dəyişikliyi ilə bağlı iclasında təmsil olunub


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi və Prezident Administrasiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xarici İşlər Nazirliyinin rəsmilərinin daxil olduğu nümayəndə heyəti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Şarm əl-Şeyxdə (MisiR) keçirilən 27-ci Tərəflər Konfransı (“COP27) çərçivəsində üzv ölkələrin şəhərsalma və məskunlaşma nazirlərinin “Şəhərlər və İqlim Dəyişikliyi” mövzusunda iclasında iştirak edib.

Bu barədə Komitədən bildirilib.

Məlumata görə, iclası Konfransa ev sahibliyi edən Misirin Mənzil, Kommunal Xidmətlər və Şəhər İcmaları Nazirliyi BMT Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə birlikdə təşkil edib. Məqsəd iqlim və şəhər icmaları arasında sinerjinin artırılması, iqlim dəyişikliyi və şəhərsalma məsələlərinin kompleks həlli üçün ölkələrdə milli və yerli səviyyələrdə müvafiq tədbirlərin həyata keçirilməsini təşviq etməkdir.

İclasda əsas məsələ kimi “UN-Habitat” və “COP27”-nin Dayanıqlılıq üçün Yerli Hökumətlər Şəbəkəsinin (“ICLI” – “Local Governments for Sustainability”) dəstəyi ilə irəli sürdüyü “Gələcək Nəsillər üçün Dayanıqlı və Davamlı Şəhərsalma” (“SURGe”- “Sustainable Urban Resilience for the Next Generation”) təşəbbüsü təqdim olunub. “SURGe” təşəbbüsü dayanıqlı şəhər sistemlərinə nail olmaq üçün bu sahədə mövcud olan müxtəlif təşəbbüslərin ümumi çərçivəsi qismində irəli sürülüb. Təşəbbüsün məqsədi şəhərlərdə iqlim gündəliyinin icrasını intensivləşdirmək, iqlim üzrə maliyyələşməni artırmaq, bu sahədə mövcud potensialı gücləndirmək, texnologiya və innovasiyalara yararlanmaq imkanlarını genişləndirmək, dünyanın şəhər icmaları arasında bərabərliyin təmin olunması kimi kompleks tədbirlər reallaşdırmaqdır.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin “UN-Habitat”ın icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşü keçirilib. Görüş zamanı xanım icraçı direktor Azərbaycan Hökumətinə təşkilatın fəaliyyətinə göstərdiyi hərtərəfli dəstəyə görə minnətdarlıq edib, bir sıra istiqamətlər üzrə ölkəmizlə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirdi.

A.Quliyev “UN-Habitat”ın fəaliyyətinə dəstəyin davam etdiriləcəyində əmin edərək “SURGe” təşəbbüsünün Azərbaycan üçün yüksək əhəmiyyət kəsb etdiyini və bu təşəbbüsün reallaşdırılmasında ölkəmizin fəal iştirak edəcəyini bildirib. Görüşdə ölkəmizin “UN-Habitat”la əməkdaşlığının inkişaf etdirilməsi, o cümlədən təşkilatın tezliklə Azərbaycanda layihə ofisinin açılması, onun əsas fəaliyyət istiqamətləri, habelə 2023-cü ildə ölkəmizdə 2-ci dəfə keçiriləcək “NUFA2” – Azərbaycan Milli Şəhərsalma Forumu ilə bağlı bir sıra təşkilati məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşü baş tutub. Görüşdə şəhərsalma fəaliyyətində iqlimə mənfi təsirin minimuma endirilməsi üzrə ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsi və müvafiq sahə üzrə perspektiv əməkdaşlıq imkanları müzakirə edilib.

Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti üzvlərinin Misirin Mənzil, Kommunal Xidmətlər və Şəhər İcmaları Nazirliyinin rəsmiləri ilə də keçirilmiş görüşündə ölkələr arasında şəhərsalma sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının genişləndirilməsi, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi müzakirə edilib, 2024-cü ildə Misirdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 12-ci sessiyasında (“WUF12”) Azərbaycanın iştirakına dair bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Comentários


bottom of page