top of page

Azərbaycanın təhsil işçilərinin Türkiyəyə göndərdiyi yardımın həcmi açıqlanıb


Azərbaycanın təhsil işçiləri Türkiyəyə 30 milyon lirədən çox yardım göndəriblər.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu ilin fevral ayında qardaş ölkədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar təhsil işçiləri Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşəbbüsü ilə başlanan könüllü yardım kampaniyasına qoşulublar.

Assosiasiyanın həyata keçirdiyi kampaniyaya regional təhsil idarələri, ali, ümumi və orta ixtisas təhsili müəssisələri, eləcə də elm və təhsil işçiləri fərdi şəkildə yardım göstəriblər. Ümumilikdə 72 100 elm və təhsil işçisi yardım kampaniyasına ianə edib.

Kampaniyanın yekununda dəstək məqsədilə toplanan maddi yardımın məbləği ümumilikdə 2 741 153,97 manat olub ki, bu da təxminən 31 milyondan çox türk lirəsidir.

Qardaş ölkəyə yardım məqsədilə ümumi təhsil və məktəbəqədər təhsil müəssisələri ümumilikdə 1 448 608,41 manat, ali təhsil müəssisələri 839 401,34 manat, orta ixtisas təhsili müəssisələri 65 578,75 manat, şəxsi hesablarından ödəyən elm və təhsil işçiləri isə 387 565,47 manat ianə ediblər.

Qeyd edək ki, təhsil işçilərinin topladığı yardım ölkə rəhbərliyinin tapşırığı ilə Türkiyəyə yardım çərçivəsində təhsil müəssisələrinin tikintisinə sərf ediləcək.

Comments


bottom of page