top of page

AVF-nin əməkdaşları Avropa çempionatının ikinci təsnifat mərhələsinə təyinat alıblar


Azərbaycan Voleybol Federasiyasının (AVF) əməkdaşları Nərgiz İsmayılova və Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən müvafiq olaraq U-17 qızlar və oğlanlar arasında keçiriləcək Avropa çempionatının ikinci təsnifat mərhələsinə təyinat alıblar.

AVF-dən verilən məlumata görə, federasiyanın Regional İnkişaf Mərkəzinin rəhbəri, CEV-in Avrokuboklar Komissiyasının üzvü N. İsmayılova Gürcüstanın Telavi şəhərində qızlar arasında təşkil olunacaq D qrupu oyunlarına supervayzer təyin olunub.

Bu qrupda ev sahibi Gürcüstanla yanaşı, Avstriya, İsrail və Rumıniya yığmaları yer alıblar. D qrupunun qarşılaşmaları 21-23 aprel tarixlərində keçiriləcək.

AVF-nin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü M. Frişman isə eyni məkanda oğlanlar arasındakı yarışın D qrupu qarşılaşmalarında supervayzer kimi iş başında olacaq. Aprelin 21-23-ü aralığında keçiriləcək qrupda Estoniya, Fransa, Gürcüstan və Ukrayna yığmaları mübarizə aparacaqlar.

bottom of page