top of page

“Atamoğlan Kərimov” kran gəmisi əsaslı təmir olunub


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Atamoğlan Kərimov” kran gəmisinin əsaslı təmiri başa çatıb.

Bu barədə ASCO məlumat yayıb.

“Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir müddətində 40 ton yükqaldırma qabiliyyətinə malik kran, baş və köməkçi mühərriklər, braşpil və şpil qurğuları, nasoslar, boru sistemləri təmir edilib, avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib.

Dənizçilərin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar da müasir tələblərə uyğun yenilənib.

Gəmi tərsanəyə qaldırılıb, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib. Gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub.

Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi yenidən istismara qaytarılıb.

Gəminin uzunluğu 63,8, eni 15 metrdir. Gəmi 1 520 at gücündə mühərriklə təchiz olunub və sürəti 11,24 uzeldir.

bottom of page