top of page

Argentinalı hücumçu son 75 ildə La Liqada “Real Madrid”ə 4 qol vuran ilk futbolçu olub


“Jirona”nın hücumçusu Valentin Kastelyanos son 75 ildə İspaniya La Liqasının bir oyununda “Real Madrid”in qapısına 4 qol vuran ilk futbolçu olub.

Mugantv Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, bu, XXXI turda “Jirona”nın 4:2 hesabı ilə qalib gəldiyi görüşdə baş verib.

Buna qədər sonuncu dəfə 1947-ci ildə “Ovyedo”nun oyunçusu Esteban Eçevarriya çempionat qarşılaşmasında belə göstəriciyə nail olub. Həmin vaxt Eçevarriya penta-trikə imza atıb.

Kastelyanos son 10 ildə bütün turnirlərdə “Real Madrid”i 4 dəfə mərkəzə dəvət edən ilk futbolçudur. Axırıncı dəfə 2013-cü il aprelin 24-də Dortmund “Borussiya”sının heyətində Robert Levandovski Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk qarşılaşmasında (4:1) bunu bacarıb.

“Jirona”nın forvardı, eyni zamanda, Dieqo Militodan (“Saraqosa”nın heyətində İspaniya Kubokunun yarımfinalında) sonra “Real Madrid” önündə poker müəllifi olan ikinci argentinalıdır.

“Jirona” La Liqa tarixində “Real Madrid”ə qarşı müsbət balansda olan yeganə kluba çevrilib - 3 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət.

Bundan başqa, “Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin 28 illik karyerasında ilk dəfə rəqibin bir oyunçusu onun komandasına 4 top vurub. İtaliyalı 10 klubun sükanı arxasında 1274 görüş keçirib.

Ümumilikdə tarixdə 9 futbolçu bir matçda “Real Madrid” i 4 dəfə mərkəzə dəvət edə bilib.

Comentarios


bottom of page