Almaniyanın Türkiyədəki səfiri XİN-ə çağırılıb



Almaniyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Yurqen Şolts Xarici İşlər Nazirliyinə çağırılıb.


Ona Vyana Konvensiyasında təsbit olunmuş daxili işlərə qarışmamaq prinsipi xatırladılıb.


“Almaniya Xarici İşlər Nazirliyi bu gün Berlindəki səfirimizi Kavalanın işi ilə bağlı çağırdıqdan sonra Almaniyanın Ankaradakı səfiri Yurqen Şolts nazir müavini və Avropa İttifaqı işləri üzrə direktor Faruk Kaymakçı tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb.


Türkiyəli diplomatın Almaniya Xarici İşlər Nazirliyinə çağırılması pislənilib. Ona bildirilib ki, təqsirli şəxs barəsində müstəqil Türkiyə məhkəməsi tərəfindən çıxarılan hökmə heç bir qurum, orqan və ya ölkə etiraz edə bilməz. Səfirə Vyana Konvensiyasında təsbit olunmuş daxili işlərə qarışmamaq prinsipi də xatırladılıb”, - deyə məlumatda vurğulanıb.


Qeyd edək ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd və Gəzi Parkı hadisələri ilə əlaqədar cinayət işi üzrə istintaqa cəlb olunan biznesmen Osman Kavala barəsində məhkəmə qərar verib. O, hökuməti devirməyə cəhd ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.


APA