top of page

Aİ Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün atılan addımları alqışlayır


"Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan rəhbərliklərinin fikir ayrılıqlarını aradan qaldırmaq, regionda davamlı və dayanıqlı sülhə nail olmaq üçün atdığı çoxsaylı addımları alqışlayır".

Bu barədə Mugantv Aİ Xarici Siyasət İdarəsinin 44 günlük Qarabağ müharibəsinin başa çatmasının ikinci ildönümü ilə bağlı yaydığı bəyanata istinadən xəbər verir.

Avropa İttifaqı bəyanatında hər iki tərəfi düşmənçilik səhifəsini çevirməyə və daha çox insan itkisinin qarşısını almaq üçün barışıq səylərini davam etdirməyə çağırıb.

Aİ Azərbaycan və Ermənistanın müxtəlif səviyyələrdə və formatlarda davam edən danışıqlarda davamlı iştirakını yüksək qiymətləndirib: “Bu danışıqlar şübhəsiz ki, mürəkkəb və zaman tələb edən olsa da, irəliləmək və regionun bütün əhalisi üçün təhlükəsizliyi və tərəqqini təmin etmək üçün konkret addımlar barədə razılığa gəlmək imkanını əldən verməmək çox vacibdir”.

Bəyanatda deyilir ki, Aİ tərəfləri ritorikanı yumşaltmağa və istənilən lazımsız gərginliyin artmasına yol verməməyə, o cümlədən bir-birinin ünvanına təhdid və ya ittihamlardan, habelə hərbi təxribatlardan və hərəkətlərdən çəkinməyə çağırır.

Bildirilir ki, Aİ hər iki tərəfin təkliflərinə fəal reaksiya verməkdə davam edəcək və bütün qalan məsələlərin hərtərəfli və ədalətli həlli istiqamətində görülən işlərdə, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə Jozep Borrelin, Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaarın şəxsən iştirakı ilə və digər Aİ mexanizmləri vasitəsilə onlara dəstək verəcək.

Comments


bottom of page