ABŞ müdafiə naziri Milli qvardiyanın Kapitolidə missiyasının müddətini may ayına qədər uzadıb


ABŞ müdafiə naziri Milli qvardiyanın Kapitoli rayonunda təhlükəsizliyin təmin edilməsi üzrə missiyasının müddətini may ayının 23-dək uzadıb.

AZƏRTAC xəbər verir ki, missiyanın müddəti bu həftənin cümə günü başa çatmalı idi. İndi isə 2300 qvardiyaçı Kapitoli polisi ilə işi may ayınadək davam etdirəcək.

Xatırladaq ki, Pentaqon rəhbərinin müvafiq sərəncamına baxmayaraq, qvardiyanın şəxsi heyəti təqribən 50 faiz azaldılıb. Keçən həftə Kapitoli polisi Milli qvardiya missiyasının müddətinin daha 60 gün uzadılmasını xahiş edib, çünki Konqres binasına hücum edilməsi ehtimalı barədə hədələrdən sonra Kapitoli polisi yüksək hazırlıq vəziyyətində idi.

Hazırda Milli qvardiyanın 5.000-dən çox üzvü şəhərdədir. Yanvarın 20-də ABŞ Prezidentinin inauqurasiyasında təhlükəsizliyin təmin edilməsi məqsədilə 25.000 qvardiyaçı cəlb edilmişdi.

AZƏRTAC-ın Vaşinqton bürosu