İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei və Prezident İbrahim Rəisi ölkədəki tələbə zəhərlənmələrinə etinasız yanaşırlar.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, Tehran rejimi son hadisələr qarşısında susur:
“Əgər bu zəhərlənmələr başqa dövlətdə baş versəydi, çox güman, həmin ölkə problemin həlli üçün bütün resurslarını səfərbər edərdi. İran rejimi tələbələrin zəhərlənməsinə etirazını bildirənlərə müqavimət göstərmək üçün təhlükəsizlik qüvvələrini səfərbər edib. Təhlükəsizlik qüvvələri İsfahan əyalətinin Şahin Şəhr şəhərində tələbələrin zəhərlənməsinə etiraz edən kütləyə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmçinin sosial şəbəkələrdə təhlükəsizlik qüvvələrinin vətəndaşlara atəş açmasına dair görüntülər yayılıb”, - amerikalı analitiklər vurğulayıblar.
Müharibə Araşdırmaları İnstitutunun araşdırmalarına görə, təhlükəsizlik qüvvələri zəhərlənmələrlə bağlı etirazlardan fərqli olaraq iqtisadi motivli aksiyalara müdaxilə etməyiblər: “Bu iki zidd yanaşma diqqət çəkir”.
Qərb analitiklərinin fikrincə, İran rejimi belə siyasətlə xalq, xüsusilə qadınlar arasında terrorun yayılmasına rəvac verir.
Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb.
Fevralın 15-dən ölkədə tələbə qızların kütləvi zəhərlənməsi halları geniş yayılıb. Son 3 gündə 19 şəhərdə tələbə və məktəbli qızlar arasında kütləvi zəhərlənmələr olub.
Comments