ABŞ-ın NATO-dakı səfiri: "Ukraynaya əlavə yardım məsələsi müzakirə olunacaq"



ABŞ müdafiə naziri Lloyd Ostin iyunun 15-də Brüsseldə Ukraynaya dəstəklə bağlı Müdafiə Nazirlərinin Təmas Qrupunun üçüncü iclasında iştirak edəcək.


Bu barədə ABŞ-ın NATO-dakı səfiri Culianna Smit onlayn brifinqdə bildirib.


O deyib ki, bu iclasda Ukraynadakı son vəziyyət müzakirə olunacaq, qiymətləndirmə aparılacaq: “ABŞ və tərəfdaşları vəziyyəti qiymətləndirəcək, Ukraynanın ən son ehtiyaclarını müzakirə edəcək. Elə Təmas Qrupunun əsas məqsədi də budur. Biz əlavə yardım məsələsini müzakirə edəcəyik”.


ABŞ diplomatı İsveç və Finlandiyanın üzvlük müraciəti ilə bağlı sualı cavablandırıb. O qeyd edib ki, bu məsələ ilə bağlı müxtəlif formatlarda dialoq gedir: “İki ölkə Türkiyə ilə birgə işləyir, Türkiyənin narahatlıqları ilə bağlı dialoq aparır. Həmçinin, ikili ölkələr səviyyəsində müzakirələr gedir. Məsələn, ABŞ Türkiyə ilə bu məsələni müzakirə edib. Eyni zamanda, digər ölkələr də konstruktiv rol oynamağa, Türkiyənin narahatlığını diqqətə alaraq həll yolu istiqamətində çalışır. Proses, dialoq davam edəcək.


Zaman baxımından bir söz deyə bilmərəm, amma bağlı qapılar arxasında biz Türkiyənin narahatlıqlarını müzakirə edirik. Biz Türkiyənin ifadə etdiyi narahatlıqları müzakirə etməkdə və həll yolu tapmaqda maraqlıyıq”.