250-dən çox şəhid ailəsi və qazi ziyarət olunub


Novruz bayramı münasibətilə Kürdəmirdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə aparat işçiləri, YAP rayon təşkilatının fəalları, Gənclər Birliyinin üzvləri və könüllüləri, təhsil və mədəniyyət işçiləri şəhid və qazi ailələrini ziyarət ediblər.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 250-dən çox şəhid ailəsi və qazi ziyarət olunub. Ziyarətə gələnlər şəhid və qazi ailələrinə bayram sovqatı verib, onlara maddi dəstək göstərib, qayğıları ilə maraqlanıblar. Görüşlərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, barələrində xoş təəssüratlarla danışılıb, qazilərə Allahdan şəfa diləyiblər. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Şəhidlərin və qazilərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkürlərini bildiriblər.