top of page

Ələt Azad İqtisadi Zonası İFC ilə anlaşma memorandumu imzalayıb


Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Ələt Azad İqtisadi Zonasının (AFEZ) səlahiyyətli qurumu ilə anlaşma memorandumu imzalayıb.

Memoranduma əsasən, fəaliyyətini azad zonada aparmaqda maraqlı olan şirkətlərə məsləhətçi və layihələrin ilkin mərhələdə inkişafı üzrə dəstəkləyici çərçivə qurulacaq.

IFC, Avstriyanın Federal Maliyyə Nazirliyi ilə tərəfdaşlıqda və AFEZ səlahiyyətli qurumu ilə birgə azad zonanın rezidentləri üçün dəstək və məsləhət xidmətləri təqdim edəcək. Məqsəd Azərbaycanın “xalis sıfır” karbon mühitə keçidini və iqlim dəyişməsinə dayanıqlı inkişafını təmin edəcək şirkətlərə müvafiq investisiya layihələrini müəyyən edib və işlənib hazırlamasında kömək etməkdir.

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun sədri Valeh Ələsgərov bildirib ki, AFEZ investorlar üçün unikal bir mühit yaradaraq, Azərbaycanda müasir enerji, nəqliyyat və logistika infrastrukturu ilə səciyyələnən bilik əsaslı, rəqabətli iqtisadiyyat qurmaq səylərinin mərkəzindədir: "IFC ilə əməkdaşlığımız bizə, ən qabaqcıl beynəlxalq standartlara əməl edərək bu məqsədə nail olmağa kömək edəcək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanına və nəqliyyat dəhlizlərinə yaxın yerləşən Ələt Azad İqtisadi Zonasında Azərbaycan hökuməti müstəqil hüquqi və tənzimləyici çərçivə yaradır, vergi və qeyri-fiskal güzəştlər təqdim edir və müvafiq infrastruktur qurur ki, azad zonaya ixracyönümlü, yüksək əlavə dəyərə malik və sənaye fəaliyyətlərini cəlb etsin və inkişaf etdirsin”.

IFC-nin Avropa üzrə regional direktoru Rəna Karadşeh qeyd edib ki, son onilliklərdə Azərbaycanın iqtisadi artımının lokomotivi əsasən neft-qaz sektoru olub: “Lakin regionun geosiyasi durumunda və enerji sistemlərinin inkişafında köklü dəyişikliklər, eləcə də hökumətin uzunmüddətli strateji iqtisadi islahat planları ölkə iqtisadiyyatının şaxələndirilməsini şərtləndirirlər. AFEZ ilə tərəfdaşlıq bu prosesi dəstəkləmək səylərimizin tərkib hissəsidir, çünki iqtisadiyyatın diversifikasiyası ölkənin qlobal rəqabətə davamlılığını və Azərbaycanlıların gələcək nəsillərinin firavan yaşamasını təmin edcəcək”.

Qeyd edək ki, Azərbaycan 1995 ildən etibarən İFC-nin üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş layihələrə 500 milyon ABŞ dollarına yaxın (o cümlədən digər kreditorlardan cəlb edilmiş 73 milyon ABŞ dolları) məbləğində yatırımlar edib. Bundan əlavə, IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə 100 milyon ABŞ dolları civarında ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinin inşa edilməsinə 250 milyon ABŞ dolları ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhətçi xidmətləri layihələri icra edib.

Comments


bottom of page