Şəhidin adına bulaq istifadəyə verildi - Foto


Xətai rayonunda Vətən müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Həmid Cavanşir oğlu Abbasbəyliyə xatirə lövhəsi qoyulub, bulaq istifadəyə verilib.

Muğantv.az xəbər verir ki, abidə lövhəsi və şəhid bulağı rayon İcra Hakimiyyəti tərəfindən inşa edilib, ətraf ərazilər abadlaşdırılaraq səki daşları döşənib, ağaclar, dekorativ gül kolları əkilib, sakinlərin istirahəti üçün oturacaqlar qoyulub, söhbətgah quraşdırılıb, müasir işıqlandırma sistemləri ilə təchiz edilib.

Açılış mərasimində İH başçısı Rafiq Quluyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər ictimai şəxslər, eləcə də şəhidin yaxınları iştirak ediblər.

Xatirə lövhəsi şəhidimizin yaşadığı ünvanda qoyulub.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Həmid Cavanşir oğlu Abbasbəyli 17 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olub, ilk təhsilini Binəqədi rayonu 157 nömrəli tam orta məktəbdə alıb. Təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib. Liseydə təhsil aldığı müddətdə öz təlim-tərbiyəsi və nizam-intizamı ilə seçilib. Liseyi müvəffəqiyyətlə bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi məktəblə öz hərbi təhsilini təkmilləşdirib. Ali təhsili başa vurduqdan sonra cəbhə bölgəsində çalışıb, Aprel döyüşlərinin iştirakçısı olub.

Dövlət layihəsi olaraq Türkiyədə və Çində xüsusi təlimlərdən keçib, həmin təlimləri Azərbaycan adından birinciliklə başa vurub.

Şəhid Həmid Abbasbəyli İkinci Qarabağ müharibəsi başlayan ilk gündən döyüşlərə qatılıb. Döyüşlər zamanı minaya düşərək ayağından yaralanıb, lakin ilkin tibbi yardımdan sonra döyüşə davam edib. Füzuli, Cəbrayıl, Zəngilən şəhərlərinin, Hadrut, Ərgünəş və Laçın dəhlizinə nəzarət edən yüksəkliklərin işğaldan azad olunmasında iştirak edib.
Həmid Abbasbəyli oktyabrın 19-dan 20-nə keçən gecə Laçın cəbhəsində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi 24 oktyabr tarixində əvvəlcə Xətai rayonuna gətirilib, burada böyük izdihamla qarşılanıb, valideynləri ilə vidalaşdıqdan sonra avtomobil karvanının müşayiəti ilə İkinci Fəxri Xiyabana aparılıb. Yaylım atəşi ilə təntənəli şəkildə Xətai Rayon İcra Hakimiyyətinin, Xüsusi Təyinatlı Qüvvələrin və Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb.