UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin son cavab oyunları daha bir neçə rekordun və seriyanın qırılması ilə nəticələnib.
İtaliyanın “Napoli” klubu Almaniya “Ayntraxt”ını (2:0, 3:0), İspaniya “Real Madrid”i isə İngiltərə təmsilçisi “Liverpul”u (5:2, 1:0) hər iki oyunda məğlub edərək, buna nail olublar.
- “Real Madrid”in hücumçusu Kərim Benzema ÇL-in pley-oflarında 33-cü qolunu vurub. Bu baxımdan o, turnirdə ən yaxşı göstəriciyə malik üçüncü oyunçudur. Rekordçu 67 qolla Kriştiano Ronaldodur. İkinci yerdə 49 topla Lionel Messi qərarlaşıb. İlk “5-liy”ə, həmçinin, Robert Levandovski (30) və Tomas Müller (26) daxildirlər.
- Benzema qitənin ən nüfuzlu klub turnirində İngiltərə komandalarını ümumilikdə 19 dəfə cəzalandırıb. Fransalı ingilislərin ən böyük ikinci qənimidir. Yalnız Lionel Messi “Dumanlı Albion” təmsilçiləri ilə matçlarda daha çox qol vurub – 27. Benzema 19 topdan 7-ni “Liverpul”un qapısından keçirib.
- “Real Madrid” ÇL-in 1/4 finalında iştirak sayına görə ikincidir. “Kral klubu” tarixi ərzində 19 dəfə bunu bacarıb. İspanlar yalnız 21 dəfə 1/4 final üzü görən Almaniya “Bavariya”sından geri qalırlar.
- “Real Madrid” turnir tarixində 300-cü oyuna çıxan ilk klub olub. “Bavariya” 280 görüşlə ikinci, İspaniyanın digər təmsilçisi “Barselona” 277 matçla üçüncü yerdə qərarlaşıb.
- Son 17 ildə ilk dəfə İtaliyanın 3 klubu Çempionlar Liqasında 1/4 finala yüksəlməyi bacarıb. “Milan” və “İnter”in ardından “Napoli” də mübarizəni davam etdirib. Bu, axırıncı dəfə 2005/2006 mövsümündə baş verib. Həmin vaxt “Milan”, “Yuventus” və “İnter” eyni vaxtda turnirin 1/4 finalında iştirak ediblər. Ancaq heç biri finala qədər irəliləyə bilməyib.
- “Napoli” tarixində ilk dəfə ÇL-in 1/4 final mərhələsində mübarizə aparacaq.
Qeyd edək ki, turnirdə 1/4 final, yarımfinal və finalın püşkatma mərasimi martın 17-də UEFA-nın Nyondakı mənzil-qərargahında keçiriləcək.
Komentarze